Prezident İlham Əliyevin Şuşada keçirilən media forumu zamanı ukraynalı jurnalist Dmitri Qordonun sualına verdiyi "Işğalla barışmayın, mübarizə aparın" cavabı Rusiyada demək olar ki, dövlət səviyyəli isteriyaya səbəb oldu. Bu açıqlamadan sonra Kremlə yaxın media resursları - “Z-kanallar”, “hərbi blogerlər”, Solovyov və Simonyan kimi təbliğatçılar Azərbaycana qarşı hədyan və təhdid yağdırmağa başladılar.
Kremlə yaxın oliqarx Konstantin Malofeyevin "Tsarqrad" kanalının yaydığı materialda bildirilir ki, guya Azərbaycan diasporu Ukrayna kəşfiyyatı ilə birgə Rusiya Aerokosmik Qüvvələrini hədəf alan "Pautina" əməliyyatında iştirak edib. Kanal bildirir ki, guya Azərbaycan diasporu logistika, bazar infrastrukturundan istifadə etməklə Ukraynaya yardım göstərib. Ardınca qeyd olunur ki, bu "diasporlar ləğv edilməlidir", "qanunvericiliklə qadağan edilməlidir". Bu kimi təbliğat materialları konkret təzyiq aləti rolunu oynayır.
Kreml təbliğatçısı Vladimir Solovyov da efirdə Prezident İlham Əliyevin Şuşadakı çıxışına aqressiv şəkildə münasibət bildirib. O, Prezidentin "biz yeni reallıq yaratdıq" fikrinə hiddətlə rədd cavabı verib, guya bu reallığı Paşinyanın yaratdığını deyib. Solovyov Prezidentin "işğalla barışmayın" ifadəsini Rusiyaya qarşı hədə kimi qiymətləndirib.
Bəs bu isterikanın arxasında nə dayanır? Rusiya Azərbaycana qarşı nələr edə bilər və münasibətlər hansı həddə qədər pisləşə bilər?
Rusiya Azərbaycana qarşı aşağıdakı istiqamətlərdə təzyiqlər göstərə bilər:
Miqrasiya təzyiqi: Rusiyada yaşayan azərbaycanlılara qarşı polis reydləri, deportasiyalar, diaspor əleyhinə kampaniyalar;
İqtisadi alətlər: Azərbaycan mallarına logistika, qida-təhlukəsizlik əsaslı texniki məhdudiyyətlər;
Siyasi təzyiqlər: MDB, KTMT kimi qurumlarda Azərbaycan əleyhinə mövqelər, Ermənistandakı imkanlar vasitəsi ilə təxribatlar;
Hərbi-sərhəd təxribatları: Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq, daha sonra onu silahlandırmaqla cəbhə gərginliyini artırmaq;
İnformasiya müharibəsi: Prezident İlham Əliyev, onun ailəsi, Azərbaycan hakimiyyəti barədə iftira xarakterli materialların koordinasiyalı şəkildə tirajlanması.
Ekspertlər həmçinin Azərbaycanın Xəzər dənizində yerləşən enerji infrastrukturunun da potensial risk daşıdığını istisna etmirlər. "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" kimi nəhəng neft-qaz yataqları, eyni zamanda Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərinin ilkin seqmentləri Rusiya üçün strateji baxımdan önəmli obyektlərdir. Moskvanın bu sahədə təxribat törətmək imkanları olsa da, bunun ciddi beynəlxalq nəticələrə səbəb olacağı da məlumdur.
Ekspertlər ehtimal olunan təxribat ssenarilərinin riskini aşağı qiymətləndirsələr də, Rusiya tərəfindən enerji təhlükəsizliyi sahəsində təzyiqlərin tam istisna olunmadığını qeyd edirlər. Moskva neft-qaz infrastrukturuna qarşı birbaşa hücumdan daha çox, informasiya təxribatları, süni sızmalar və ya texniki nasazlıqlar görüntüsü yaradaraq, Bakı üzərində psixoloji təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edə bilər.
Bütün hallarda, bu cür ssenarilər beynəlxalq enerji şirkətlərinin maraqlarına zidd olduğundan, Kremlin belə riskli addımlara açıq şəkildə gedəcəyi ehtimalı hələ ki, aşağı qiymətləndirilir.
Politoloq Fərhad Məmmədov bildirir ki, münasibətlərin bu həssas mərhələsində Kremlə yaxın mediada Azərbaycan Prezidentinə qarşı şəxsiyyəti hədəf alan tezislər yayılmaqda davam edir. O deyib ki, bu tezislərin Rusiya Prezident Administrasiyasında informasiya siyasətini kurasiya edən Aleksey Qromovun idarəsindən gəldiyi yaxşı bilinir.
Fərhad Məmmədov qeyd edib ki, bu proses qonşu İranda da eyni formada təkrar olunur: Tehranda Azərbaycanın ali hakimiyyətini hədəf alan materiallar verilirsə, Bakıda da cavab xarakterli materiallar dərc olunur. Bu informasiya eskalasiyası artıq avtomatikləşmişdir.
O xatırladır ki, Yekaterinburqda başlayan hadisələr daha sonra metastaz kimi münasibətlərin bütün sahələrinə yayıldı. Rusiya tərəfindən göndərilən fövqəladə hallar nazirinin vasitəsilə verilən mesajların əhəmiyyəti olmadı, çünki təyyarənin vurulması kimi əsas məsələyə toxunulmamışdı.
Politoloq bildirir ki, Azərbaycan tərəfi konkret şəkildə üç şərti irəli sürüb: təyyarənin vurulmasına görə məsuliyyətin tanınması, təzminat ödənilməsi və rəsmi üzrxahlıq. Bu tələblər yerinə yetirilməsə, yeni gərginlik fazaları qaçılmaz olacaq.
Fərhad Məmmədov hesab edir ki, Rusiyada müxtəlif güc strukturlarında Azərbaycana qarşı ciddi narazılıq yığılıb. Bu narazılıq vaxtaşırı provokasiyalar şəklində üzə çıxır və Kreml bu addımlara qarşı çıxmadıqca, əksinə, susduqca Bakıda bu proseslərin Kreml razılığı ilə baş verdiyi fıkri möhkəmlənir.
Politoloq bildirir ki, Azərbaycan konstruktivlik tərəfdarıdır, lakin həm eskalasiyaya, həm normallaşma ssenarilərinə hazırdır. O hesab edir ki, yaranmış bu gərginlik spiral formasında artan eskalasiyaya çevrilir. Halbuki bu prosesin deeskalasiyası mümkündür. Fərhad Məmmədov vurğulayır ki, Kreml bu istiqamətdə nə etməli olduğunu çox yaxşı bilir.
Beləliklə, Rusiya- Azərbaycan münasibətləri artıq qırılma nöqtəsinə yaxındır. Bakı prinsipial mövqeyini qoruyur, amma rəsmi Moskvanın cavab addımları münasibətləri daha da pisləşdirə bilər. Rusiya bu gedişi dayandırmasa, Cənubi Qafqazda təcrid olunmaq riski ilə üz-üzə qala bilər.
Pressklub.az