Son günlər sülh müqaviləsinin paraflanmasından çox danışılır. Ermənistan Azərbaycanla sülh sənədini paraflamaqla bağlı bir neçə dəfə mövqe bildirib. Elə son mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişi imzalanmamışdan öncə paraflana bilər, bu məsələ Bakı və İrəvanın müzakirə masasındadır. Prezident Xankəndidəki media forumunda məsələ ilə bağlı deyib: “Mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb”.
Yada salaq ki, mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri, adətən xarici işlər nazirləri və ya danışıqlar üzrə səlahiyyətli şəxslər sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır, bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır.
Diplomatik mənbələrdən sızan bilgiyə görə həm Bakı, həm İrəvan sülh sazişinin paraflanması üzərində təmasları artırıblar. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması isə Qafqaz regionundan kənara çıxmaya və tərəflər Tiflisdə bir araya gələrək sülh sazişini paraflaya bilər. Tərəflər dedikdə isə söhbət xarici işlər nazirlərindən gedir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maka Botçorişvili ilə görüşündə bu məsələnin də razılaşdırıldığı ehtimalı irəli sürülür. Qeyd edək ki, nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb. Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb. Ekspertlərə görə, sülh sazişinin payızda və Tiflisdə paraflanması Moskva, Brüssel və Vaşinqton arasında həm balans qorunmuş olacaq, həm də bu gələcəkdə sülh müqaviləsinin Tiflisdə imzalanmasına yol açacaq, hətta “Qafqaz evi” ideyasına əlavə rəng qatılacaq və üç Cənubi Qafqaz ölkəsinin yeni əməkdaşlıq modelinin əsası qoyacaq.
Azərbaycan Prezidenti Gürcüstana səfəri zamanı Tiflisin ev sahibliyi ilə sülhün əldə olunmasına pozitiv yanaşmasını bəyan etmişdi. Son zamanlar Bakı-Tiflis əlaqələrinin yüksək səviyyədə olması da əlavə imkanlar yaradır. Eyni zamanda Gürcüstan və Ermənistan arasında da münasibətlər normaldır və Tiflis neytral zona olaraq sülh müqaviləsinin imzalanması üçün məkan ola bilər. Bütün bunlarla bağlı ekspertlərin fikirləri necədir? Sülh müqaviləsinin paraflanması nə zaman mümkündür və Tiflis imza ünvanı ola bilərmi?
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, müqavilə mətninin hazırlanması və bəndlərin razılaşdırlması prosesi uzun müddətdir davam edir. Ekspertin qənaətincə, hər iki ölkə rəsmilərinin açıqlamaları və bəyanatları da onu göstərir ki, artıq bu işlər başa çatıb: “Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Abu-Dabi görüşündən sonra ehtimal var ki, mətn şifahi şəkildə razılaşdırılıb. Əslində ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin hazırlanması zamanı zəruri olan proseslərin bir çoxu arxada qalıb. Əsas məsələ mətnin şifahi razılaşdırılmasıdır. Bundan sonra paraflama və ya AD REFERENDUM (seçmə bizimdir-red.) imzalana bilər və ya tərəflər müqaviləni imzalayaraq, ratifikasiya üçün qanunverici orqana təqdim edə bilərlər”.
Bu yerdə izahat üçün xatırladaq ki, “Ad referendum” latınca bir termindir və mənası “referendum üçün”, “təsdiq edilmək üçün” və ya “təsdiqlənməyə tabe olan” deməkdir. Diplomatik danışıqlarda və ya müqavilələrdə, nümayəndələr müəyyən şərtləri təsdiqləmək üçün yuxarı orqanlarına müraciət etməli olduqda, müqavilə “ad referendum” imzalanır. Bu, o deməkdir ki, müqavilə hələ tam qüvvəyə minməyib və müvafiq orqanların təsdiqini gözləyir. Başqa sözlə, bir şey “ad referendum” edildikdə, bu, hələ tam qəbul edilməmiş və ya yekunlaşmamış, müəyyən bir təsdiqə ehtiyacı olan bir vəziyyətdir...
S.Məmmədov əlavə etdi ki, əgər yüksək səviyyədə şifahi razılaşma varsa, hər iki variant məqbuldur: “O ki qaldı paraflama və imzalama hansı ölkədə olsa, daha yaxşıdır sualına, mən fikirləşirəm ki, bu neytral ölkə olmalıdır və həmin dövlətin rolu yalnız platforma olmaqla məhdudlaşmalıdır. Yəni paraflama və imzalama prosesində üçüncü ölkənin iştirakı və ya vasitəçiliyinə ehtiyac yoxdur. Bu baxımdan Abu-Dabi, Tiflis, Astana və ya digər neytral ünvanlar müqaviləni imzalamaq üçün platforma ola bilər. Sülh müqaviləsinin imzalanması üçün bizim tərəfin iki prinsipial təklifi və ya şərtini müqavilə imzalanana qədər yerinə yetirilə bilmirsə, o zaman müqavilə qeyd-şərtlə də bağlana bilər. Məsələn, həmin şərtlər müqavilə qüvvəyə mindikdən iki il ərzində yerinə yetiriləcəkdir kimi bir qeyd-şərt və ya başqa uyğun şəkildə olmaqla. Bütün hallarda həm Azərbaycan, həm Ermənistan hazırkı əlverişli məqamdan istifadə edib, sənədi imzalasa və ratifikasiya etsə yaxşı olar. Məncə, biz tərəfdən problem yoxdur”.
Siyasi şərhçi Məhəmməd Əsədullzadə isə xatırlatdı ki, Ermənistanla Azərbaycan arasında sülh mətnin razılaşdırılması Əbu-Dabidə rəsmən təsdiq edildi: “Əbu-Dabi görüşü ikitərəfli danışıqların kulminasiyası idi. Həmin görüşdə tərəflər bununla sülh müqaviləsinə imza atacaq səviyyədə siyasi iradə ortaya qoydular. Nikol Paşinyan çalışır ki, seçkilərə kimi sülh müqaviləsi bağlansın. Amma sülh müqaviləsi Azərbaycanın iki şərtinə əməl etdikdən sonra bağlanacaq”. Bununla belə, M.Əsədullazadə hesab edir ki, Ermənistan konstitusiya dəyişikliyinə seçkilərdən sonra getməyi planlaşdırır: “Ona görə də sülh müqaviləsi yalnız gələn ilin axırı bağlana bilər. Sülh mətnin paraflanması isə bu ilin axırına kimi reallaşa bilər. Çünki, Nikol Paşinyan da istəyir ki, seçkilərə kimi sülh prosesində irəliləyiş əldə etsin, daxildə publikaya ”sülh istiqamətində irəliləyişlər var", kimi sözlər desin". Bununla yanaşı, ekspertin sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlər müharibə müstəvisində deyil: “Şərti sərhədlər boyunca da atəşkəs təmin olunub. Təbii ki, ilin axırına kimi Tiflisdə sülh mətnin paraflanması iki ölkə arasında ciddi irəliləyiş olacaq. Yəni bu paraflanma Tiflisdə də baş tuta bilər. Düzdür, ABŞ və Avropanın Gürcüstan hökumətinə münasibəti yaxşı deyil. Buna baxmayaraq, Tiflisdə paraflanma baş tutarsa, üç region ölkəsi arasında siyasi əlaqələrin təməli qoyulacaq. Bu, gələcəkdə yeni ittifaqa çevrilə bilər. Azərbaycanın da planı məhz bundan ibarətdir”.