[b] Son illərdə Cənubi Qafqaz və Yaxın Şərq regionlarında nəqliyyat və tranzit dəhlizləri üzrə əməkdaşlıq təşəbbüsləri artır. İranın Yol və Şəhərsalma Nazirliyinin müşaviri Əmin Tərəffonun İran–Gürcüstan–Azərbaycan tranzit dəhlizinin yaradılması təklifi bu istiqamətdə xüsusi diqqət çəkir. Təklif olunan dəhliz, Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində mövcud nəqliyyat marşrutlarını tamamlayaraq regionda yükdaşımaların daha səmərəli təşkili üçün əlavə imkanlar yarada bilər. Lakin bu təşəbbüsün reallaşma ehtimalı və mümkün təsirləri ilə bağlı müəyyən suallar mövcuddur. İran–Gürcüstan–Azərbaycan tranzit dəhlizi təşəbbüsü regional əməkdaşlıq baxımından nə dərəcədə realist və effektiv görünür? Bu dəhlizin yaradılması Azərbaycanın geosiyasi mövqeyinə və nəqliyyat-logistika imkanlarına hansı üstünlükləri qazandıra bilər? [color=#FF0000]Globalinfo.az[/color]-a danışan politoloq Vaqif Hüseyn deyib ki, İranın hazırkı hökuməti ölkəni Qərbin izolyasiyasından çıxmasını istəyir: “Bu istiqamətdə bir neçə variant nəzərdən keçirilir. Onlardan biri də İranın cənub limanlarından Ermənistana, oradan isə Gürcüstana və Qara dənizə çıxışı nəzərdə tutan layihədir. Bu layihə əhəmiyyətli və ciddi olsa da, reallaşması çox çətindir. Hər şeydən öncə məsafə çox uzundur və coğrafi şərait də mürəkkəbdir. Nəticə olaraq layihənin reallaşması üçün böyük miqdarda vəsait tələb olunur. Nə Gürcüstan, nə Ermənistan, nə də İran bu xərci qarşılamaq istəmir. Belə olan təqdirdə proses uzanır və arzulanan plan reallaşmır”. Politoloq bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan geoiqtisadi layihələrin ərsəyə gəlməsində böyük təcrübəyə sahibdir: “İranın təklif etdiyi layihənin Azərbaycandan keçməsi mümkündür. Çünki rəsmi Bakı onu reallaşdırmaq üçün infrastruktur imkanlarına malikdir. Yəni bu, həm xərclərin, həm də məsafənin azalması deməkdir. Azərbaycan layihənin reallaşması üçün özü də maliyyə təklifi verir. Yəni İrəvan kimi Tehranın layihəni reallaşdırdıqdan sonra ondan faydalanmaq gözləntisi yoxdur. Bakı hər mənada əməkdaşlığa razıdır. İranın Yol və Şəhərsalma Nazirliyinin müşaviri Əmin Tərəffonun TRACECA çərçivəsində irəli sürdüyü İran–Gürcüstan–Azərbaycan tranzit dəhlizinin yaradılması təklifi bu baxımdan təəccüblü deyil.”[/b]