Bu gün Kazanın Sovetski Rayon Məhkəməsi dələduzluqda və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən, əvvəllər “qanuni oğru” statusuna malik Roman Sıçevin həbs müddətini uzadıb. İclasdan əvvəl “Realnoe Vremya” jurnalistinin sualını cavablandırarkən, o, “oğru” adından imtina etdiyini təsdiqləyib və sonra “Yaşasın Putin!” deyə qışqırıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, İstintaq Komitəsi Sıçevdən statusu soruşsa da, o, cavab verməkdən yayınıb.
Bu gün Tatarıstan üzrə İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə 1-ci şöbəsinin müstəntiqi Ayrat Giniyatullin məhkəmədən Sıçevin avqustun 1-dək istintaq təcridxanasında qalmasını istəyib. Müdafiə tərəfi buna etiraz edib.
Vəkil Andrey Lepinin qeyd etdiyi kimi, zərərçəkmiş Qaripovla üzləşmə zamanı müvəkkili Qaripovun ona böhtan atmağa əsaslarının və aralarında düşmənçilik olduğunu bildirib. “İndiki mərhələdə Sıçev hansı düşmən münasibətlərinin olduğunu deməyib”, - müdafiəçi əlavə edib.
Müstəntiq Ayrat Giniyatullin Roman Sıçevin həbsdə qalmasını istəyib. Sovetski rayon prokurorunun köməkçisi Alina Yarullina vəsatəti dəstəkləyib. Hakim müşavirə otağında olarkən Sıçev həyat yoldaşı ilə danışa bilib.
“Tatarıstanın avtoriteti” Sergey Neyderova qarşı işin araşdırılması zamanı Roman Sıçev artıq ifadə verib ki, o, şəxsən “qanuni oğru” olmayıb.
Məhkəmə vəsatəti təmin edib və Sıçev ən azı avqustun 1-dək həbsdə qalacaq.