ABŞ-da əcnəbi tələbələrlə bağlı yeni qərarlar veriləcəyi iddia olunur. Belə ki, Prezident Donald Trampın administrasiyası tələbə vizalarının verilməsi məqsədilə keçirilən müsahibələri müvəqqəti olaraq dayandırıb. Bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşrin mənbələrə istinadla bildirdiyinə görə, bu addım bütün xarici tələbələrin sosial şəbəkə hesablarının məcburi yoxlanılması imkanlarının nəzərdən keçirilməsi ilə bağlıdır.
Azərbaycanda həm dövlət proqramı çərçivəsində, həm də vətəndaşların öz hesabına ABŞ-da ali təhsil alanlar və ya bu niyyətdə olanlar kifayət qədərdir. Bəs Azərbaycandan ABŞ universitetlərinə qəbul olunanlar bu cür problemlə üzləşibmi?
Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib ki, ABŞ Konqresi müəyyən hallarda Tramp Administrasiyası tərəfindən verilən bəzi qərarların əksini qəbul edir:
“Bu yaxınlarda Administrasiya Harvard Universitetinə qəbulun dayandırılması və maliyyə xərclərinin azaldılmasına dair qərar qəbul etdi. Lakin Konqres bu qərara veto tətbiq etdi. Hazırda ABŞ-da təhsil almaq istəyən əcnəbi tələbələrin viza məsələləri ilə bağlı problem yaradılır. Hələlik bizim ölkədən gedən tələbələrin bu cür problemlə qarşılaşdığı müşahidə olunmayıb”.
Mütəxəssis əlavə edib ki, Azərbaycandan ABŞ universitetlərinə dövlət səviyyəsində qəbul aparılarkən heç bir sıxıntı yaranmır:
“Lakin kimsə şəxsi maliyyə hesabına, o cümlədən öz istəyi ilə Amerikada təhsil almaq niyyətindədirsə, əlbəttə, onlara viza verilməsi məsələsi bizim ölkədən gedən tələbələr üçün də problemə çevrilə bilər. Bütün hallarda, əgər bir insan təhsil arxasınca gedirsə, belə halda Tramp administrasiyası yanlış qərar qəbul edir. Ən azı həmin şəxs ABŞ kəşfiyyatları orqanları, yaxud digər qurumlar tərəfindən sorğulana bilər. Məlumdur ki, Amerikaya giriş-çıxış məsələsi hər zaman Tramp üçün aktual məsələdir. Qurum Meksikadan müvafiq maddələrin ölkəyə keçirilməsini, qaçaqmalçılığı, insan alverini əsas gətirərək demək olar, bütün sferaları məhz bu arqumentlərə görə sıradan çıxarmağı düşünür. Amma bunun səhv qərar olduğu iddia edilir. Ümid edirəm, bizim ölkə vətəndaşlarına çox təsir etməz. Bu kimi hər hansı hal yaşanarsa, Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə məlumat verilməlidir”.