Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin Daş Salnamə Muzeyində keçirilməsi tənqidlə qarşılanıb. Moda həftəsindən yayılan görüntülərdə yarıçılpaq modellərin olmasına etiraz edənlər bildiriblər ki, sufi şeyxləri, sərkərdə və dini nümayəndələrin qəbirüstü daşlarından ibarət olan Muzeydə açıq-saçıq moda nümayişləri keçirilməsi yolverilməzdir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Pravda.az-a açıqlamasında tənqidlərin yersiz olduğunu deyib.
“Kim etiraz edib? Qəbir daşları etiraz edib? Ya tarixdən kimsə məktub göndərib ki, Daş Salnamə Muzeyində moda həftəsi keçirmək olmaz? Daş Salnamə Muzeyində diqqət cəlb etmək üçün hansısa tədbir keçirilib. Burda nə günah işlənib? Ona qalsa, Bakıda “8-ci kilometr” adlanan ərazidə qəbiristanlığa yaxın yerdə şadlıq evləri var. Onda musiqi səsləndirməsinlər ki, qəbirlər etiraz edir? Belə yanaşmalar olduqca yanlışdır. Sənətə, ədəbiyyata bu parametrlərlə baxmaq doğru deyil. Kiminsə hüququ pozulmursa, turizmin, sənətin təbliğindən söhbət gedirsə, bu cür qiymətləndirmək doğru deyil. “Başqa məkanda yarıçılpaq modellərin moda həftəsini keçirsəydilər...” Çimərlikdə keçirsinlər? Moda həftəsi çimərlikdə olsun? Belə yanaşma doğru deyil”, - deputat bildirib.