Kremlin ən murdar və stajlı təbliğat ruporlarından biri olan Vladimir Solovyov növbəti dəfə Azərbaycana qarşı düşmənçilik dolu açıqlamaları ilə gündəmə gəlib. O, açıq şəkildə separatizm kartını işə salaraq bildirib ki, “Azərbaycanla Rusiyanın 300 km-dən çox sərhədi var. Azərbaycan bizimlə müharibə etmək istəyirsə, qoy etsin.
Musavat.com xəbər verir ki, ardınca isə əlavə edib ki, guya Azərbaycanda yaşayan ləzgilər yaxşı yaşamır, amma Rusiyada yaşayan ləzgilər “çox yaxşı” həyat şəraitinə malikdir. Solovyov açıq təhdidə keçərək vurğulayıb ki, “biz Azərbaycanda ləzgilərin mübarizəsini dəstəkləyə və problem yarada bilərik”.
Bu, Solovyovun Azərbaycana qarşı ilk hücumu deyil. Onun bütün fəaliyyətinin mahiyyəti anti-Azərbaycan xəttidir. İllərdir Kremlin informasiya mərkəzlərində yetişdirilən Solovyov kimi ruporlar Azərbaycanın bütövlüyünə qarşı çalışıb, erməni separatizmini müdafiə edib və bununla ölkəmizə təzyiq göstəriblər. İndi isə erməni separatizminin kökü Azərbaycan tərəfindən qazındığı üçün Kremlin ideoloqları başqa istiqamətlər axtarır və “ləzgi kartı”nı gündəmə gətirirlər.
Amma onların bu planı da iflasa məhkumdur. Çünki ləzgilər Azərbaycanın ayrılmaz və sadiq bir parçasıdır. Bu xalqın övladları Vətən Müharibəsində erməni separatçılarına qarşı canlarını fəda edib, qəhrəmanlıqlar göstəriblər. Ləzgi əsilli Vətən Müharibəsi qəhrəmanı polkovnik Tehran Mənsumov bunun ən bariz nümunəsidir – o, əlində silah torpaqlarımız uğrunda döyüşüb və ordumuza daim uğur qazandırıb . Azərbaycan üçün canını əsirgəməyən ləzgilərdən Kremlin silah kimi istifadə etməsi mümkün deyil. Əksinə, ləzgilər daim Azərbaycanın gücü və birliyi üçün mübarizə aparıb, bu yolda şəhidlər veriblər.
Rusiyanın isə heç bir mənəvi haqqı yoxdur ki, Azərbaycana qarşı belə çirkli kartlar oynasın. Çünki məhz Rusiyanın özündə ləzgilər, türklər, gürcülər, taciklər və başqa xalqlar ağır diskriminasiya, hüquqsuzluq və təzyiqlərlə üz-üzədir. Onların hüquqları tapdalanır, hərbi əməliyyatlara zorla aparılır, mülklərinə əl qoyulur. Rusiyanın daxili despotizmi və hüquqsuzluğu fonunda Azərbaycana “insan haqları dərsi keçmək” cəhdləri riyakarlığın ən iyrənc formasıdır.
İki yüz ildən çoxdur ki, Rusiya bu bölgədə erməni separatizmini dəstəkləyərək Azərbaycan torpaqlarını işğala məruz qoyub. Çar Rusiyası, Sovetlər, Yeltsin və Putin Rusiyası eyni xətt üzrə hərəkət ediblər – erməniləri silahlandırıb Azərbaycan torpaqlarına qarşı istifadə ediblər. Amma artıq bu proses tarixin arxivinə gömülüb. Ermənistan separatizmi Azərbaycan Ordusunun iradəsi ilə birdəfəlik məhv edilib.
Bu səbəbdən Solovyovun “ləzgi kartı” cəfəngiyyatdır, Kremlin məyusluq və acizlik içindəki son təlaşının göstəricisidir. Azərbaycan xalqı vahiddir, bölünməzdir, vətəndaşlarının hamısı – istər azərbaycanlı, istər ləzgi, istər talış, istər kürd – dövlətin yanında, ordunun sırasında, milli birliyin sarsılmaz dayağıdır.
Musavat.com bəyan edir ki, Solovyovun sözləri havadan asılı qalmış boş hədələrdir – özü kimi əhəmiyyətsiz və gülüncdür.