Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə razılıq verib.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr bildirib ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasından gedir:
“Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir. Orada bildirilir: “Sülh müqaviləsi paraflandıqdan sonra biz sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq”.
Bu razılaşmadan sonra Bakı bəyan elədi ki, Paşinyana ev tapşırığı veriblər: o, Konstitusiyanı dəyişməlidir və sülh sazişi bundan sonra imzalanacaq.
Qeyd edək ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib. Əldə etdiyimiz məlumata görə, şura tezliklə yeni Konstitusiyanın mətninin hazırlanması üçün aktiv şəkildə iclaslar keçirəcək”.
Politoloq Tural İrfan Sherg.az-a deyib ki, sülh danışıqları uzun müddət idi davam edirdi və Azərbaycan tərəfinin yürütdüyü siyasət nəticəsində Ermənistan buna razılıq verdi:
"Hətta rəsmi İrəvan iddialarından geri çəkilməyə məcbur oldu. Vaşinqtonda paraflanmış bəyannamə sülh müqaviləsinin ilk rəsmi mərhələsidir. Bu sənəddə öhdəliyə çevrilən tələbləri Ermənistan icra etdikdən dərhal sonra rəsmi sülh müqaviləsi imzalanacaq. Ermənistanın əvvəlki hakimiyyətlərinin dövründə Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları konstitusiyaya salınıb. Bu iddialar çıxarılmalıdır. Bu dəyişikliklər tam baş verəndən sonra sülh imzalanacaq. Ermənistan baş naziri bu öhdəliyi ABŞ prezidentinin də iştirak etdiyi görüşdə üzərinə götürüb. Sülhün qorunması və möhkəmləndirilməsi üçün işlər görəcəyinə imza atıb. İlk növbədə bu, Azərbaycanın qələbəsidir. Digər yöndən isə Ermənistanın özünün də inkişafı üçün zəruridir".
Analitikin fikrincə, Ermənistan Türkiyə və Azərbaycana qarşı iddiasından əl çəkərək, xalqlar arasında nifrət aşılayan kilsənin indiki rəhbərliyini də dəyişməyə nail olarsa, öz təbii axarı ilə ölkələr arasında digər münasibətlər də inkişaf edə bilər:
"Ticarət, iqtisadiyyat, nəqliyyat və rabitə, hətta turizm sahəsində yeni münasibətlər qurula bilər. Nəticə etibarilə Ermənistanın bölgədə yerini, mövqeyini ortaya qoyulması üçün zəmin yaranar. Bunu anlayan Baş nazir Paşinyan mümkün qədər sülh sənədinin tez imzalanması üçün səylər göstərəcək".