“Namiq Qaraçuxurlunun ilk dəfə “Fiyaletov” studiyasında səsyazmasını mən təşkil etmişəm. Mən Mehman Əhmədli və rəhmətlik Xəyyamla ora gəldik. “Papanın gül balası”, “Rəvayət” və s. musiqili meyxanalarını orada lentə aldırdıq. Üstündən 1 gün keçdi, bir də gördüm ki, Namiq Mehman Əhmədli ilə yanıma gəldi. Gördüm ki, kaseti də götürüblər. Dedi ki, “biz istəyirik bu kaseti yayaq”. Mənim də o vaxt dostum var idi, kaset reklam edirdi, satışı ilə məşğul idi. Namiq dedi ki, “mən bu kasetdən pul güdmürəm, əsas məşhurlaşım”. Dedim bəs ləqəbin nə olsun? Çünki o vaxt bu gün Məna təxəllüsü ilə tanınan bədihəçi şair Namiq Coratlı adı ilə tanınırdı. İstər-istəməz insanların ağlında sual yaranacaqdı ki, hansı Namiq? Soruşdum ki, təxəllüsün nə olsun? Dedi ki, “nə istəyirsən yaz da”. Namiq də o vaxt Qaraçuxurda yaşayırdı. Təklif etdim ki, gəl yazaq Namiq Qaraçuxurlu. Dedi ki, “əla, Göyçaydakı kəndimizin adı da Qaraçuxurdur”. Dedim ki, mən səni Qaraçuxurlu yazsam, camaat sənə daha Namiq deməyəcək, Qaraçuxurlu deyəcək. Öz əlimlə yazdım ki, “Namiq Qaraçuxurlu”. Satışa verəndə də tapşırdım ki, tirajında bu ad yazılsın. Bu təxəllüsü mən vermişəm. Bu həqiqətdir. Özündən soruşurlar ki, niyə Qaraçuxurlu? Deyib ki, “kaset yazanlar edib”. Mən kaset yazan deyiləm. Mən onun bu işlərində yaxından iştirak etmişəm. Bu dəqiqə də Qaraçuxurlu kimi tanınmasına səbəb mən olmuşam. Biz Namiq Qaraçuxurlu ilə çoxdandır ancaq “salam-sağol” münasibətindəyik”.
Bunu Moderator.az-a açıqlamasında xiridar Şirzad deyib.
O həmçinin bir çox meyxanaçılara da təxəllüs verdiyini bildirib:
“Vahidə də “Qədim” təxəllüsünü də mən vermişəm. Vahid meyxana deyəndə o vaxt uşaqlar qulaq asıb deyirdilər ki, “elə bil qədim, köhnə meyxana deyəndir”. Vahid həm də danışığında köhnə, qədim sözlər işlədirdi. Bizə ləzzət edirdi. Vahid sonradan başladı “gözləri şəhla sevgilim” oxumağa. Əvvəlində dərvişsayağı meyxanalar deyirdi. Onun klipini də o vaxt mən çəkmişəm. Ona dedim ki, bundan sonra sənin adını qoyuram Vahid Qədim. Kasetini də elə buraxmışıq. Vahidə bu ad o qədər doğma idi ki, and içəndə belə deyirdi ki, “Qədim canı”. Atasının verdiyi ada yox, mənim verdiyim təxəllüsə and içirdi. O vaxt “De gəlsin” meyxana yarışması var idi. Mən də orada münsif kimi iştirak edirdim. Elşən də orada çıxış etməli idi. Hər kəs bir yerdən idi, təxəllüs yazılırdı. Məndən soruşdu ki, “nə yazdırım ora?” Dedim ki, “Elşən, Xəzərdə olursan da, yazdır ora Elşən Xəzər”. Həm də Xəzər bizim dənizimizdir. Dedi ki, “mən özümə necə təxəllüs verə bilərəm, utanıram axı”. Dedim ki, soruşanda deyərsən ki, Şirzad verib mənə bu təxəllüsü. Vəssəlam. Allaha şükürlər olsun Elşən Xəzər bu gün tanınan şəxsiyyətdir. Ola bilsin ki, kimlərsə bunu dansa belə, Elşən Xəzər danmaz ki, ona təxəllüsü mən vermişəm. Çox adamlar müraciət edib ki, mənə təxəllüs ver. Vüqar Maştağalıya, Vüqar Qobuluya da təxəllüsü mən vermişəm. Bu kasetlərin üstünə yazıla-yazıla bunların üstünə ad gəlib. Adam var ki, heç qəbul etmir ki, bu adı mən ona vermişəm” deyə xiridar Şirzad bildirib.