“Mədəniyyət Nazirliyinin dəstəyi ilə animator kursları təşkil etdim və orada tələbələr yetişdirdim. O gənclər artıq animatordurlar və filmlərdə çalışırlar. Bir layihəm var, onu Kino Agentliyi qəbul etsə yaxşı olacaq. ARKA-nın rəhbəri hazırda Rəşad Əzizovdur. O gələndən ARKA-nın fəaliyyətində bir az dirçəliş var. Bundan əvvəlki rəhbər Orxan Fikrətoğlunu çoxdan tanıyırdım. Əlbəttə ki, onun vaxtında narazılıqlar var idi. Mənə elə gəlir ki, təkcə danışıq qabiliyyəti ilə deyil, həm də ciddi işlər görmək lazımdır. Yaxşı aparıcı idi, gözəl verilişləri var idi. Mən istər Polad Bülbüloğlu, istərsə də Əbülfəs Qarayevin nazir olduğu vaxtda narazılığımı bildirmişəm. İndiki nazirin fəaliyyətindən hələ ki, razıyam. O gələndən bu sahəyə diqqəti artırıb və bu illər ərzində bir neçə film çəkilib”.
Bunu Moderator.az-a açıqlamasında animasiya rejissoru Elçin Hami Axundov deyib.
O daha sonra əlavə edib:
“Mən 12 il “Azanfilm”-də rəhbər olmuşam. Mən çox emosional insanam. Müdirlər bir az sərt olmalıdır. Bir də rəhbərin gərək sözünü də eşitsinlər. O vaxt Adil İsgəndərov “Azərbaycanfilm” kinostudiyasının direktoru idi. Hərdən zəng edib ona nəsə deyirdilər. O da deyirdi ki, “qadam, sən kənd təsərrüfatına baxırsansa elə ona bax, mənim işimə qarışma”. Nazirliyə də ərki çatırdı ki, nəsə desin. O əsl müdir idi, idarəçi idi”, - deyə o bildirib.

“Uşaqların illərdir sevdiyi nağıl qəhrəmanlarını əcaib formada yaradırlar. Bu süni intellektin yaxşı tərəfləri də var, pis tərəfləri də. O gün bir “Tıq-Tıq xanım” gördüm, sinəsini, dodaqlarını şişirtmişdilər. Kişiləri də mütrif vəziyyətində göstərirlər. İndi mütriflərin vaxtıdır. Verilişlərə, efirlərə çıxanların əksəriyyəti də mütriflərdir. Cırtdanı da mütrif, alçalmış vəziyyətində göstərirlər. Animasiya filmlərində əsas rolu rejissor oynayır, ikinci şəxs isə heç də ondan zəif olmayan quruluşcu rəssamdır. Rəssamdan çox şey asılıdır. Sürətlərimizin milliliyini qoruyub saxlamaqla, müasir elementlər qatmaq olar. İndi yapışıblar elə “Tıq-Tıq xanım”-dan. Bizim o qədər nağıl personajlarımız var ki. 50-ci illərdə nənəmin nağılları ilə mənim başımı aldatmaq olurdu, amma indiki uşaqları nağılla aldatmaq mümkün deyil. O vaxtın nağıllarını müasirləşdirmək lazımdır”, - deyə rejissor bildirib.