“Ramiz Mehdiyevlə bağlı ittihamlar öz təsdiqini taparsa, ən ağır şəkildə cəzalandırılmalıdır”.
Bu sözləri sabiq deputat və keçmiş icra başçısı Musa Musayev “Cebheinfo.az”-a açıqlamasında deyib.
O xatırladıb ki, Ramiz Mehdiyev uzun müddət Prezident Administrasiyasına rəhbərlik edib:
“O, həm də vəzifədən ən çox bəhrələnən insanlardan biridir. Dövlətə xəyanətdən ağır ikinci bir ittiham yoxdur. O isə məhz bununla ittiham olunur. Əgər ittihamlar təsdiq olunarsa, Ramiz Mehdiyevə ən ağır cəza verilməlidir.
Ramiz Mehdiyev mənim özümə də dəfələrlə pislik edib. İstər 2005-ci ildə keçirilən parlament seçkiləri vaxtı, istərsə də Naftalanda icra başçısı olduğum dönəmdə hər zaman mənə qarşı pis olub. Mən hər zaman ona qarşı öz sözümü demişəm”.
Musa Musayev diqqətə çatdırıb ki, Ramiz Mehdiyev Rusiyaya bağlı adamdır:
“Onun Rusiya ilə çox geniş əlaqələri var. Moskvadan gələn yüksək səviyyəli qonaqlarla həmişə görüşürdü. Ramiz Mehdiyev öz şəxsi mənafeyini dövlətin, millətin mənafeyindən üstün tutub.
Onun kimilər ciddi cəzaya layiqdir. Görünür, Ramiz Mehdiyev işdən çıxandan sonra da evdə sakit oturmayıb. Onun kimlərləsə görüşdüyü və yenə də çirkin işlərlə məşğul olduğu deyilir. Yəqin bu əməlləri sübuta yetdiyi üçün Ramiz Mehdiyev haqqında cinayət işi açılıb”.
Sabiq deputat hesab edir ki, “5-ci kolon”un digər üzvlərini də belə aqibət gözləyir:
“Düşünürəm ki, Ramiz Mehdiyev bu cinayətləri tək etməyib. Yəqin ki, onun nəzarətində olan adamlar var. Çünki vaxtilə onun vəzifələrə təyin etdiyi çox sayda şəxs var. Onların da cinayət əməlləri sübuta yetirilsə, dövlətinə, millətinə xəyanət edən, korrupsiya ilə məşğul olan hər kəs ciddi cəzaya layiqdir”.