Uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına, Milli Elmlər Akademiyasına (AMEA )rəhbərlik etmiş Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyevin yüksək vəzifədə olduğu müddətdə hakim partiyadan çoxsaylı insanları incik salması faktları da olub. Həmin şəxslərdən biri də Azərbaycanın İstanbuldakı keçmiş konsulu sabiq deputat Xeyrəddin Qocadır.
Xeyrəddin Qoca məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verib:
“Vaxtilə Ümummili lider Heydər Əliyev “Literaturnaya Qazeta” da “QOY ƏDALƏT ZƏFƏR ÇALSIN” adlı bir məqalə yazmışdı və bu məqalə bütün SSRİ-yə səs salmışdı. İndi mən həmin məqaləni xatırlayıram və görürəm ki, ədakət əzəl-axır zəfər çalır! Biz, yəni indi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olan Alqış Həsənoğlu və mən 1992-ci ildən, Yeni Azərbaycan Partiyası yaranandan indiyədək yaltaq jurnalistlərin və simasız dövlət adamlarının “Boz kardinal” adlandırdıqları Ramiz Mehdiyevlə mübarizə aparırıq. Həm də o, vəzifədə ola-ola mübarizə aparmışıq. Çoxsaylı yazılarımız, televiziya və efir çıxışlarımız indi də durur. Bu yazını isə qətiyyən yazmaq istəmirdim ki, “yıxılan ağaca balta çalan çox olar” deməsinlər. Yazını redaksiyanın təkidi ilə yazıram.
Əvvəla, onu deyim ki, Ramiz Mehdiyev Heydər Əliyevi sevənlərin, ona yaxın olanların, hörmətli bəsləyənlərin hamısına zərbələr vurub. Məsələn, mənim 23 il işsiz qalmağımın səbəbkarı o olub. Alqış Həsənoğlunu da onun haqqında tənqidi yazılar dərc etdirdiyinə görə 13 il işsiz qoyub”.
Xeyrəddin Qoca onu da əlavə edib ki, Ramiz Mehdiyev Azərbaycanda FETO rolunu oynayan şəxsdir.
“Ramiz Mehdiyev savadsız adam olduğundan, savadlı adamları heç vaxt sevməyib. Onun kitablarını da ona beyət edən şəxsiyyətsizlər yazıb!
Diqqətlə fikir versəniz, onun sifətində insan qanı yoxdur! “Boz” sözünü bəlkə də ona görə ona yaraşdırırdılar.
Heydər Əliyev bizim kimi adamları müdafiə etməsəydi, Ramiz Mehdiyev çoxdan türmələrdə çürütmüşdü!
Mən bir dəfə Heydər Əliyevə sual verdim ki, “Ramiz Mehdiyev kimi yaramazla necə işləyirsiniz?” O, dedi ki, ” it kimi bağlamışıq ora, qoy gəlib-gedən tüpürsün üzünə!” Əlbəttə, Moskva Ramizi müdafiə edirdi, ona görə də, ümumilli liderimiz çox məsələləri mənə deməyi lazım bilmirdi…
Amma mən sevinirdim ki, Ramiz Mehdiyevin işlədiyi iqtidarda mən işləməmişəm! Onsuz da elə simasızların acığına dövlət mənə həmişə böyük qayğı göstərib, ailəmə və özümə diqqətlə yanaşıb.
Ramiz Mehdiyev haqqında çox fikirlərim və faktların var, mənsiz də istintaq hər şeyi açacaq. Ramiz Mehdiyevin əlindən bütün dövlət təltifləri alınmalıdır. Əmlakı müsadirə edilməlidir. Oğurluqla, rüşvətlə, əyri yollarla qazandığı pullar xalqa qaytarılmalıdır! O vəzifədə olarkən, onu “Allah” hesab edənlər aşkara çıxarılıb, cəzalanmalıdırlar! Mənim əsəblərimə toxunan məsələlərdən biri məhz vaxtilə onun qarşısında ikiqat əyilənlərin indi əleyhinə tənqidi fikirlər danışmaları, yazmalarıdır! Onlar haqqında xüsusi tədbirlər görülməlidir!
Bir fikrim də var: Dövlətimizin içərisində kök salan belə xəyanətkarlar, simasızlar aşkar edilib, təmizlənməlidir!”– deyə Xeyrəddin Qoca əlavə edib.