Lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında edilən sərt dəyişikliklər valideynlər arasında etiraza səbəb olub. Narazılığa səbəb kimi Təhsil İnstitutunun yaydığı məlumat göstərilir. Həmin məlumatda bir sıra lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi açıqlanıb ki, bu da yüzlərlə valideynin övladları ilə bağlı planlarını alt-üst edib. Onlar etiraz olaraq Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar.
Bəs Təhsil İnstitutunun verdiyi bu qərarı ekspertlər necə dəyərləndirir?
Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, bu qərarın indi verilməsi idarəetmənin səriştəsiz və qeyri-ciddi insanların əlində olması ilə bağlıdır:
“Çünki elə Təhsil İnstitutu tərəfindən 5-6-8-ci siniflərə mayın 31-i və iyunun 1-nə təyin olunmuş sınaq imtahanlarına biletlər satılıb. İlboyu ən azı 2, bəzən isə 3 dəfə həmin şagirdlər üçün 12-15 manat civarında biletlər satılıb. Əgər belə qərar veriləcəkdisə, niyə insanların cibinə girib pulları alınırdı? Minlərlə insan övladını aylıq 100-150 ödəməklə hazırlıq kurslarına göndərib. Niyə ləğv olunma ilə bağlı qərar oktyabrdan elan olunmayıb?”
Mütəxəssis əlavə edib ki, hazırda təhsil sahəsində olan şəxslərin bu istiqamətlə yaxından-uzaqdan heç bir əlaqəsi, ümumiyyətlə anlayışı yoxdur:
“Təhsil sistemi bazar münasibəti, biznes gözü ilə idarə olunur. Verilən qərar etik, psixoloji və ya məntiqi cəhətdən doğru deyil. Beynəlxalq təcrübədə istedadlı uşaqlarla iş 3-6 yaşdan başlayır. Liseylərə də qəbul 5 yaşdan olmalıdır. Həmçinin qəbul ayrı-ayrı fənnlər əsasında deyil, istedadı təyin edən testlər üzrə aparılmalıdır. Təhsil Nazirliyinin tabeliyində olan bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir. Təhsil İnstitutunun əlindən imtahan keçirmək səlahiyyəti alınmalıdır. Orada pedaqoji sahə üzrə elmi tədqiqatlar aparılmalı, bazar adamları, kommersantlar uzaqlaşdırılmalıdır”.
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, qərarın valideynlər tərəfindən narazılıqla qarşılanması təbiidir və başqa cür də ola bilməzdi:
“Heç də təsadüfi deyil ki, məsələyə münasibət bildirən digər maraqlı tərəflər də valideynlərlə həmrəylik nümayiş etdirirlər. Yəni, necə ola bilər ki, ilin əvvəlindən övladının imtahanlara hazırlığı üçün bir ətək pul tökəsən, əlavə dərslərə, nəqliyyat və zaman itkilərinə qatlanıb, özünü fəda edəsən və birdən, imtahanlara sayılı günlər qalmış, heç bir xəbərdarlıq edilmədən sənin bütün zəhmətini heçə endirib, olan-qalan əsəblərini də korlayalar. Təhsildə dövlət siyasətinin humanistlik, demokratiklik, aşkarlıq və şəffaflıq kimi prinsipləri var.
Ümumiyyətlə, hər hansı bir qərar verilərkən, ilk növbədə həmin qərarın verilməsi əsaslandırılmalıdır, geniş ictimaiyyət verilən qərarın məqsəd və mahiyyəti barədə məlumatlandırılmalıdır. Bu halda əlbəttə ki, vəziyyətdən xəbərdar olanların ciddi narazılıq və narahatlıqlarına elə də bir yer qalmaz”.
Qeyd: Təhsil İnstitutundan bildirilir ki, yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur:
“Bu dəyişiklik lisey və gimnaziyalara şagirdlərin daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində qəbulunu təmin etmək məqsədi daşıyır. Beynəlxalq təcrübələr göstərir ki, təmayül əsaslı seçimlər erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr əldə edilir. Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul əvvəlcədən elan olunduğu qaydada keçiriləcək. Digər yaş qrupları üzrə qəbul prosedurlarına dair əlavə məlumatlar isə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək”.
Sözügedən qərar ilə bağlı Globalinfo Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, qeyri-iş günü olduğundan sorğuya cavab verilməyəcək.