Türkiyədə doğuş edən qadınların kredit borclarının silinməsi təklifi irəli sürülüb. Bildirilir ki, məqsəd mümkün demoqrafik böhranı həll etməkdir. Sözügedən təşviq mexanizminin effektiv olacağı gözlənilsə də, hələ ki, təsdiqlənməyib. Azərbaycanda da ildən-ilə doğum sayı azalır.
Xatırladaq ki, bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.
Ölkəmizdə uşaq dünyaya gətirən şəxslər üçün kredit güzəştləri və ya borc silinməsi kimi addımlar tətbiq edilə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu cür təşəbbüslərin həyata keçirilməsi real görünmür:
“Bu zaman sui-istifadə halları artar. Bəzi şəxslər sırf borclarını sildirmək məqsədilə uşaq dünyaya gətirməyə çalışa bilərlər. Bu da həm səmərəsizliyə, həm də ədalətsizliyə səbəb olar. Eyni zamanda, belə addımın insanları borc götürməyə təşviq etməsi mümkündür. Fikrimcə, bu təklif Türkiyədə də reallaşmayacaq”.
İqtisadçı Azərbaycanda uşaq pulunun verilməsi məsələsinə də toxunub:
“Ölkədə bütün uşaqlara görə müavinət verilməsi düzgün deyil. Hökumət bu yanaşmanı dəstəkləmir, mən də iqtisadçı kimi tərəfdarı deyiləm. Bu cür ödənişlər yalnız aztəminatlı ailələrə verilməlidir. Dövlət bunun üçün ümumi sosial yardım nəzərdə tutur. Əgər təkliflər varsa, onların genişləndirilməsi və müavinətlərin məbləğinin artırılmasına diqqət yetirilməlidir”.
Xalid Kərimli qeyd edib ki, ölkədə əsas problem aşağı doğum səviyyəsi yox, işsizlikdir:
“Uşaqlar böyüyüb yaxşı iş tapa bilmirlər. Uşaq pulu adətən əhalisinin sayı azalan, təbii artımda və gəncləşmə strukturunda problem yaşayan ölkələrdə tətbiq olunur. Məsələn, Rusiya və Avropanın bir çox dövlətində əhali azalır. Azərbaycanda isə təbii artım səviyyəsi qənaətbəxşdir. Gənclərin sayı Avropa ilə müqayisədə 10 faiz daha yüksəkdir. İnsanlar borc götürərkən onun qaytarılması haqda düşünməlidirlər, övlad dünyaya gətirərək güzəşt əldə etmək arzusu ilə yaşamamalıdırlar”.