Artıq bir müddətdir ki, "DogruXeber.az" olaraq Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən təhsil adına utancverici özbaşınalıqları ifşa edirik. Bu dəfə isə əlimizdə “ədəbiyyat kitabına düşəcək” növbəti faktlar var. Çünki bu məktəbdə qaydalarla yox, qohumluqla, biliklə yox, bəyliklə idarə olunur.
Təsəvvür edin, 2024-cü ildə dövlət məktəbində dərs saatları “paketlənib” öz adamlarına yönləndirilir, müəllimlərə qanunsuz ərizələr yazdırılır, vakant yerlər şüurlu şəkildə “yarımçıq saxlanılır”, dərnək dərsləri isə jurnallarda var, siniflərdə yoxdur.
Direktor Ağamət Ağamətov riyaziyyat müəllimi Marif Nuraliyevi “dərs yükündən imtina etdirərək” guya ona yük azaltması edir. Amma qəribədir ki, həmin müəllim sonradan Hil kənd məktəbində əsas işə düzəlir, özü də 12 km uzaqlıqda! Bəs, dərsdən imtina etməyin səbəbi nə idi? Yoxsa buradakı “imtina” gerçəkdə “yer boşaltmaq” üçündü?
Görünür ki, Piral məktəbində dərs saatı təkcə müəllimin yox, direktorun əlinin qərarına bağlıdır. Rəsmi prosedurlar, nazirliyin təlimatları isə bu kəndə hələ gəlib çatmayıb, ya da Ağamət müəllimin masasında ilişib qalıb.
Ağamət müəllimin növbəti “dahiyanə planı” – 2022-ci ilin martında yaş həddinə çatmış Əlisultan Əlisultanovun dərs ilinin sonuna qədər saxlanılması, daha sonra isə bütün ibtidai sinif müəllimlərinə “tapşırıqla” 2-4 saatlıq ərizə yazdırılması. Sonda 11 saatlıq “yığım dərs yükü” yaradılır və bu yolla yaşlı müəllim yenidən məktəbə gətirilir.
Ən biabırçısı odur ki, Əlisultan müəllimə 5 saat da “kağız üzərində” dərnək dərsi yazılır – amma bu məşğələlərin sinif otağında keçirildiyini sübut edən yeganə fakt yoxdur. Jurnallar isə, şübhəsiz ki, rəngli qələmlərlə bəzədilib. İstəyən baxa bilər – baxmağa cəsarəti olan varsa…
MİQ? Qanun? Gərək deyil! Qohumluq varsa, qapılar açıqdır
Direktor vəzifəsinə təyin olunar-olunmaz A.Ağamətov Əlixanova Gülnarəni direktor müavini vəzifəsindən uzaqlaşdırır, sonra da onu MİQ imtahanı vermədən müəllim kimi təyin edir. Üstəlik, bu təyinat qanunsuz olduğu halda, RTŞ-nin “möhtəşəm susqunluğu” fonunda həyata keçirilir.
Daha da ironik olan budur ki, G.Əlixanovanın yerinə məktəbdə xalasının ərini direktor müavini təyin edir. “Vətənə xidmət” anlayışının Qusar versiyası belədir: vəzifəni ailədə saxla, təhsili isə qurban ver!
Bu qədər saxtakarlıq, bu qədər qohumbazlıq, bu qədər qanun pozuntusu… və nəticədə susqunluq. Quba-Xaçmaz RTŞ-nin müdiri Coşqun Əliyev sanki bu məktəbdən xəbərsizdir, ya da elə bilərəkdən xəbərsizliyə üstünlük verir. Təhsil naziri Emin Əmrullayev isə ehtimal ki, statistik rəqəmlərin və beynəlxalq reytinqlərin arxasında gizlənib.
Axı bu biabırçılıqlar birbaşa Nazirliyin və RTŞ-nin gözü qarşısında baş verir. Niyə susursunuz? Yoxsa bu səssizlik – bu “görməməzlik” – kimsənin dilə gətirməyə cəsarət etmədiyi himayədarlığın səsidir?
Qeyd edək ki, "DogruXeber.az" olaraq bu mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərmişik, lakin bu günə qədər sorğumuza cavab verilməyib. Görünür, bu biabırçılıqlara qarşı susmaq daha rahatdır, nəinki cavab vermək...
Ancaq biz susmayacağıq. Çünki bu, təkcə bir məktəbin deyil, bütöv bir ölkənin təhsilinin ayaqlar altına atılmasıdır.
Araşdırmalarımız davam edəcək. Və növbəti yazımızda daha dərin qatlara enəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az