Rusiyada azərbaycanlının meşədə xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Dəhşətli qətl hadisəsi 2013-cü ildə baş verib. Dəstə üzvlərinin hamısı tutulsa da, onlardan biri 11 il istintaq orqanlarından gizlənə bilib. Həmin şəxs 2024-cü ildə Bakıda tutulub.
Musavat.com xəbər verir ki, Bakıda həbs edilən şəxs Ülfət Məmmədovdur. 51 yaşlı Ülfət Məmmədov 2013-cü ildə Rusiyada azərbaycanlı Heydər İsmayılovun qətlində əsas iştirakçı olaraq axtarışda olub.
50 yaşlı Heydər İsmayılovun qətlində şübhəli bilinən digər şəxslər saxlanılsa da, Ülfət Məmmədov Rusiyanı tərk edərək gizlənə bilib. Onun yeri 2024-cü ildə Bakıda müəyyən edilib.
Dəstə üzvləri "xüsusi amansızlıqla qəsdən adam öldürmə", "xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə", "adam oğurluğu" maddələri ilə təqsirli bilinərək cəzalandırılıblar.
Qətl hadisəsinə görə Cabir Cəfərov, Zahir Cəfərov, Rahib Cəfərov və Tacikistan vətəndaşı Tohir Odiloviç Rusiyada saxlanılıblar. Onlar məhkəmənin hökmü ilə 12 ildən 15 ilə qədər cəza alıblar.
Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması isə Azərbaycanda baş tutub.
İstintaqla müəyyən edilib ki, dəstə üzvləri 2013-cü il tarixdə Rusiya Federasiyasının Leninqrad vilayətinin Luqa rayonunun Krasnıye Qorı kəndində meşəlik ərazidə 1963-cü il təvəllüdlü Heydər İsmayılovu öldürüblər.
Məlumata görə, Heydər İsmayılov həbs edilənlərdən Cabir Cəfərovun mağazasında satıcı işləyib. Cabir Cəfərov aldadıldığını, Heydər İsmayılovun onun külli miqdarda pulunu ələ keçirdiyini iddia edib. Dəstənin digər üzvləri ilə Heydər İsmayılovun Rusiyada yaşadığı evə gedərək axtarış aparıblar. Lakin pulu tapa bilməyiblər. Bundan sonra Heydər İsmayılova pulu qaytarması üçün vaxt verilib. Bir neçə dəfə onun evinə gələrək yenə də pulu axtarıblar. Pulu tapmadıqları üçün Heydər İsmayılovu yoldan oğurlayaraq iki müxtəlif ünvanda bir neçə gün girov kimi saxlayıblar. Lakin Heydər İsmayılovdan pulun yerini öyrənə bilməyiblər.
Sonuncu dəfə dəstə üzvləri Heydər İsmayılovu meşəyə aparıblar. Ondan pulun yerini soruşublar. Heydər İsmayılov pulu evdə, hamamda gizlətdiyini deyib. Cabir Cəfərov pulu axtarmaq üçün evə gedib. Amma pulu tapa bilməyib. Bu zaman meşədə Heydər İsmayılovun yanında olan Ülfət Məmmədova zəng edərək pulun deyilən yerdə olmadığını söyləyib. Ülfət Məmmədov əsəbləşərək Heydər İsmayılovu yalan danışdığı üçün öldürmək qərarına gəlib. Onun qarın və boğaz nahiyələrinə çoxsaylı zərbələr endirib. Sonra da meyitin üstünü qarla örtüb.
İş üzrə şahid qismində Heydər İsmayılovun Rusiyada qeyri-rəsmi münasibətdə olduğu qadın da ifadə verib. O, adı çəkilən dəstə üzvlərinin zorla yaşadıqları evə gəldiklərini, otaqlarda axtarış apardıqlarını təsdiq edib. Onun sözlərinə görə, əvvəlcə məsələnin nədən ibarət olmasından xəbəri olmayıb. Sonradan Heydər İsmayılov ona deyib ki, Cabir onun pulunu götürdüyündən şübhə edərək ondan pulunu tələb edir.
İstintaq zamanı məlum olub ki, Ülfət Məmmədov 21 yaşında da adam öldürdüyünə görə həbs edilibmiş. Ülfət Məmmədov həmin cinayət işi üzrə 11 il həbs cəzası alaraq 2006-cı ildə cəzasını tam çəkərək azadlığa çıxıbmış.
Ülfət Məmmədov dəstə üzvü olaraq bu qətlə görə 15 il həbs cəzası alıb.