Salyanda əqli qüsurlu qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan 19 yaşlı şəxs məhkəmə zalında həbs edilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, 2006-cı il təvəllüdlü Rafiq (ad şərtidir) 2020-ci ildə qonşusu 2009-cu il təvəllüdlü qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Bu hadisə bir neçə dəfə təkrarlanıb. Qız zorakılığa məruz qalan zaman 11 yaşı olub. Rafiq isə həmin cinayəti ilk dəfə törədən zaman 14 yaşında imiş.
Qızın zorakılığa məruz qalmasının üstü 2024-cü ildə açılıb və Rafiq məsuliyyətə cəlb edilib.
Araşdırma zamanı Rafiq əməlini qismən etiraf edərək bildirib ki, qonşuları olan qızla münasibətləri zorla olmayıb. Onun sözlərinə görə, zərərçəkmişlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. Sadəcə cinsiyyət orqanını ona sürtərək münasibət qurub.
Araşdırma zamanı məlum olub ki, zərərçəkmiş qız əqli gerilik, davranış pozğunluğu xəstəliyindən əziyyət çəkir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rafiq barəsində bəraət hökmü çıxarıb. Bu hökmdən narazı qalan zərərçəkmiş tərəfin nümayəndəsi apellyasiya şikayəti verib. Həmçinin dövlət ittihamçısı da apellyasiya protesti verərək təqsirləndirilən şəxsə törətdiyi əmələ görə cəza təyin edilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsi Rafiqi təqsirli bilərək onu 8 il müddətinə azadlıqdan məhrum edib. Rafiq məhkəmə zalında qandallanaraq həbsə alınıb.