Artıq iki gündür Zəngəzur dəhlizi ilə bağı müzakirələr daha da aktivləşib.
Ermənistanda müxtəlif dairələrdən bununla bağlı açıqlamlar verilir.
“İlk növbədə qeyd etməliyik ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Ermənistan xəbərləri” - NEWS.am-ın müxbirinə müsahibəsində “APRİ Ermənistan” tədqiqat mərkəzinin elmi işçisi, şərqşünas Sergey Melkonyan deyib.
"Onlar indi "Dünyanın kəsişməsindən" danışmırlar. Yalnız Zəngəzur dəhlizindən danışırlar. Konsensus isə belədir: bu yol açılmalıdır. İndi də bu böyük layihənin bir hissəsinə çevriləcək maraqlı tərəfləri tapmağa çalışırlar", - şərqşünas bildirib.
Onun sözlərinə görə, layihənin özündə heç bir problem yoxdur. Hər kəs onun açılmasını istəyir.
Sergey Melkonyanın fikrincə, Azərbaycanın ikinci uğuru ondan ibarətdir ki, başqa kommunikasiyaların blokdan çıxarılmasından söhbət getmir:
“Onlar ancaq dəhliz adlanan bu cənub yolunu müzakirə edirlər. Azərbaycan isə Ermənistana İrəvandan Naxçıvandan keçməklə İrana yol verməklə bağlı heç bir öhdəlik götürmür. Söhbət ancaq Türkiyə və Azərbaycanın üstünlük verdiyi bu yoldan gedir.
Əlavə məlumat yoxdur, lakin müxtəlif mənbələrdən verilən açıqlamaları nəzərə alsaq, bu, o deməkdir ki, danışıqlar hələ bitməyib və tərəflərin müzakirə etdiyi müxtəlif variantlar var”.
O vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropaya son səfərləri, ABŞ-nin bəyanatları, mətbuata sızdırılan məlumatlar və ekspert rəyləri hələ manevr üçün imkanların olduğunu göstərir. “Lakin bu, həm də o deməkdir ki, biz mümkün sona yaxınlaşırıq, Zəngəzur dəhlizi açılacaq və bu kontekstdə hansı tərəflə əməkdaşlıq edəcəyimizi seçmək vacib olacaq”, - Sergey Melkonyan bildirib.
Xatırladaq ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barak regional nəqliyyat infrastrukturunun bloklanmasından danışarkən, ölkəsinin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsini icarəyə götürməsinin mümkünlüyündən danışıb. Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi bu vasitəsitə ilə həyata keçiriləcək.
Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məsələyə belə münasibət bildirib:
“Ermənistan Respublikası öz suveren ərazisinin idarə olunmasının üçüncü tərəfə verilməsini müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz. Ermənistan regional infrastrukturların ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində blokdan çıxarılması məsələsini müzakirə edir”.