Rusiyanın Azərbaycana təzyiqləri davam edir. Moskvanın davranışları bir çox hallarda ciddi suallar doğurur.
Doğrudanmı, Rusiyanı bu cür anlaşılmaz qərarlar qəbul edən, bu cür absurd açıqlamalar verən adamlar idarə edir?!
Bu, nə qədər qəribə olsa da, gerçəkdir.
Bəli, bir yandan prezident Vladimir Putin rus dilinin qorunması haqqında fərman verir, hətta Rusiyanın hüdudlarından kənarda da rus dilini mühafizəsini təmin etmək öhdəliyini götürür, bir yandan da Azərbaycan Dövlət Rus Dram Teatrının Novosibirskdə tamaşalarını ləğv edirlər. Adı üstündə: rus dram teatrı! Tamaşaları qoyan rejissorlar, rolları oynayan aktyorlar rus dilinin daşıyıcılarıdır, tamaşalar rus dilindədir. Amma deyirlər, olmaz. Çünki teatrın adında Azərbaycan var.
Azərbaycanda rus məktəblərinin bağlanması haqda söz-söhbət rus siyasətçilərini narahat edir. Putinin rus dilini "qoruyan" fərmanına bu cür ara söhbətləri təsir etmişsə, deməli, Rusiyada dövlət idarəçiliyi normal məntiqin kənarına çıxıb. Bakıda, Gəncədə, Mingəçevirdə... rus məktəblərinin bağlanacağı haqda şaiyələrdən necə həyəcanlanıblarsa, Azərbaycan Rus Dram Teatrının qastrollarını qadağan ediblər. Çox qəribədir: Bakıda rus məktəbi rus dilini yaşadır, yayır, anladır, axı Rus Dram Teatrı da eyni işi görür. Həm də daha yüksək səviyyədə. Bu teatrın tamaşalarıba Azərbaycanın siyasi, ictimai, ədəbi, elmi, mədəni elitası gəlir axı.
Rusiya hakimiyyətinin dolaşıq qərarları bununla da bitmir. Baxın, Azərbaycandan Rusiyaya ixrac olunan pomidorda, badıncanda, kartofda virus "tapılıb", Rusiya bazarına buraxılmır. Səbəb nə imiş? Zəngəzur dəhlizi. ABŞ təklif edib ki, Zəngəzur dəhlizində keçid prosedurlarına Amerika şirkəti nəzarət etsin. Bu dəhlizi 100 illiyə icarəyə götürmək istəyir Amerika. Bununla bağlı təklif kimə olunub? Ermənistana. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasındakı Mehri rayonu hazırda hansı ölkənin ərazisidir? Ermənistanın. Rusiya hara nəzarəti özündə saxlamaq istəyir? Ermənistanın sərhəddinə. Onda bizim kartofun, pomidorun günahı nədir?!
Moskva Ermənistan hökumətinin, baş nazir Nikol Paşinyanın acığını bizim kartofumuzdan niyə çıxır (!)
Yumşaq desək, ziddiyyətlidir.
Rusiya deyir, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci il sazişinə görə, Zəngəzur dəhlizinə Rusiya nəzarət etməlidir. Rusiyanın xəbəri yoxdur ki, bu sənəd artıq çoxdan öz qüvvəsini itirib. 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər Azərbaycan dəfələrlə Rusiyanın nəzərinə çatdırırdı ki, Rusiya özü və Ermənistan öz öhdəliklərini yerinə yetirmir. Heç bir nəticə olmadı. Axırda Azərbaycan öz suverenliyini tam bərpa elədi və bununla 10 noyabr bəyanatının Azərbaycan ərazisinə heç bir təsiri qalmadı. Ermənistana gəlincə, Nikol Paşinyan deyir, regional kommunikasiyalar Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək. Deməli, bu məsələ ilə bağlı Rusiyanın sualı, tələbi, yaxud iddiası varsa, bunun ünvanı Azərbaycan deyil axı. Belə olan halda Masallıdan Moskvaya gedən badımcanın təqsiri nədir?!
Bütün bunlar nə deməkdir? O deməkdir ki, Rusiya rəsmiləri başını itirib. Nə dediyini, ən pisi də nə etdiyini özü də bilmir. Məsələn, Putin deyir, Rusiyanın sərhəddi yoxdur. Bu o deməkdir ki, Putin Yer kürəsinin prezidentidir. Sabah Amerikada rus miqrantlar deportasiya edilsə, Putin ora qoşun göndərəcək?! Yoxsa Azərbaycandakı rus məktəblərinə desant çıxaracaq?!
Məncə, daha çox şərhə ehtiyac da yoxdur.
Seyid Əhmədli, Bizimyol.info