Azərbaycanın adının bu prosesdə hallanması və Qəzza sammitinə dəvət olunması təsadüf deyildi. Azərbaycanın Qəzzadakı sülhməramlı prosesdə iştirakını gücləndirən bir neçə amil var.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Asif Nərimanlı Azərbaycanın Qəzzada mümkün sülhməramlı missiyada iştirak perspektivlərini dəyərləndirərkən deyib.
Əfqanıstan təcrübəsi və ABŞ faktoru
Asif Nərimanlı bildirib ki, Azərbaycan artıq sülhməramlı missiyada təcrübəyə malik ölkədir. Bu təcrübə xüsusilə Əfqanıstanda görülən fəaliyyətlərlə formalaşıb:
“Əfqanıstanda Azərbaycanın sülhməramlıları təmsil olunub. Bu, məhz Amerikanın istəyilə baş verib və Azərbaycan bunu uzun illər həyata keçirib. Hazırda Qəzzadakı sülh prosesinə də Vaşinqton liderlik edir. Vaşinqtonun əsas seçimlərindən biri Əfqanıstan təcrübəsi fonunda Azərbaycan ola bilər”.
Yaxın Şərqdə balanslı siyasət
Ekspertin sözlərinə görə, Azərbaycanın Yaxın Şərqdə son illərdə apardığı siyasət də sülhməramlı prosesdə Bakının rolunu gücləndirən əsas faktorlardandır:
“Daha öncə toqquşan Suriya və İsrail rəsmiləri Azərbaycanda bir masa ətrafında oturub dialoq aparıblar. Türkiyə və İsrail arasında danışıqlar da məhz Bakıda aparılıb. Rəsmi Bakı Yaxın Şərqdə sülhə nail olmaq üçün mərkəzi güc kimi çıxış edir. Faktiki olaraq toqquşan bütün tərəflər dialoq platforması kimi Azərbaycanı seçirlər.
Azərbaycanın həm İsraillə dost münasibətlərə, həm də Fələstinlə diplomatik əlaqələrə malik olması da bu məsələdə önəmli məqamdır.
Azərbaycan İsraillə dost ölkədir və Fələstinlə yaxşı münasibətləri mövcuddur, Fələstinin müstəqilliyini tanıyır və Qəzza məsələsinə ən neytral yanaşan ölkədir. Azərbaycanın Qəzzada sülhməramlı kimi iştirakını həm Fələstin, həm İsrail dəstəkləyə bilər”.
Türkiyə faktoru
Asif Nərimanlı həmçinin Türkiyənin bu prosesdə maraqlı tərəf olduğunu və Azərbaycanın iştirakını dəstəkləyə biləcəyini qeyd edib:
“Türkiyə faktiki olaraq Qəzza razılaşmasının tərəflərindən biridir. Misirdə əldə olunan razılaşmaya imza atan ölkələrdən biri də Türkiyədir. Ankara istəyəcək ki, türk ordusu da Qəzzada iştirak etsin. Bu, İsrail tərəfindən qəbul olunmaya bilər. Ona görə də, Türkiyə məhz Azərbaycanın Qəzzada sülhməramlı kimi iştirakını dəstəkləyəcək”.
Ekspertin fikrincə, bu amillər Azərbaycanın bölgədə neytral və etibarlı tərəf kimi çıxış etməsini təmin edir və Qəzzada mümkün sülhməramlı missiyada iştirak ehtimalını artırır.