“Təhsil müəssisələrində fond pulu, yaxud da hər hansı ad altında maliyyə vəsaitinin toplanması qanunvericiliyin tələbinin pozulması deməkdir”.
Bunu təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
O yalnız bir halda qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrində ödənişin mümkün olduğunu açıqlayıb:
“Təhsil haqqında qanunvericilikdə xüsusi olaraq göstərilib ki, yalnız valideynlərin öz istəyi ilə məktəblərə ianə etmək ola bilər. Hər hansı bir valideyn müəyyən bir vəsaiti övladının təhsil aldığı məktəbə yatıra bilər – təmir, istiliklə təminat, istilik sisteminin yaxşılaşdırılması və digər bu kimi istiqamətlərdə. Bu, qanunvericilikdə öz əksini tapıb. Amma bilərəkdən şagirdlərdən, yaxud valideynlərdən, ümumiyyətlə, məktəbdaxili hər hansı bir ödənişin yığılması qanunvericiliyin pozulması deməkdir. Həmin ödənişi toplayan şəxslər haqqında qanunvericiliyin tələbi çərçivəsində qərar qəbul edilməldir”.