Yasamal Rayon Məhkəməsində özbaşına tikinti işləri aparmada təqsirləndirilən Ziyad Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və özəl sektorda rəhbər, maddi məsul vəzifə tutmaq, həmçinin tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, Ziyad Quliyev qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan özbaşına mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə apardığı yenidənqurma işləri insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır.
Belə ki, o, 2017-ci ilin avqust ayından noyabr ayının sonlarına qədər olan müddət ərzində paytaxtın Yasamal rayonu ərazisində yerləşən, texniki pasporta əsasən mülkiyyətində olan 145,6 kvadratmetr tikinti altı sahədə tikilmiş 129,8 kvadratmetr sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının üzərində binanın birinci mərtəbəsində əlavə mərtəbə tikib.