"Sertifikasiya imtahanından kəsilən həkimin yerinin boş qalması ciddi problemlərə səbəb olur". Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədrinin müavini Rəşad Mahmudov deyib. Deputat deyib ki, dövlət müəssisələrində bəzən 1 ştat olur və o həkim sertifikasiyadan kəsilir və xəstə qəbul edə bilmir, əməliyyat etmir: “Bunu təsəvvür edə bilirsiniz?! Dövlət müəssisələrində yeni ştat açılması kifayət qədər çətindir. Lap ştat açılsa belə, gələn yeni həkimə nə vəd edəcəksən? O, neçə ay işləyəcək? Sertifikasiya imtahanından kəsilənlərin yerinin boş qalması tibb sahəsində ciddi problemlərə səbəb olur. İmtahandan keçməyən həkimlərin işdən uzaqlaşdırılması işin gedişatına müsbət təsir etmir. Davamlı inkişaf sistemi beynəlxalq təcrübədə könüllü əsaslarla qurulur. Yəni həkimləri cəzalandırmaqdan çox onların könüllü inkişafına yönəlir. İmtahandan kəsilən həkimlər üçün fəaliyyətin dayandırılması ilə bağlı qanunvericilikdə dəyişiklik etməliyik. Bununla bağlı nazirliklə müzakirələrə ehtiyac var".
"Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın"
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, tibb işçilərinin yaş həddinin 65-dən 70 yaşa qaldırılması məsələsi ilə bağlı hamımıza müraciət edirlər. Komitə sədri vurğulayıb ki, vaxtilə Milli Məclisdə yaş həddinin 65 olmasını hamı qəbul edib: "Səhiyyə Nazirliyindən də xahişimiz bundan ibarətdir ki, yaş həddi götürülsün. Bu, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılmasına kömək edəcək".
"Həkimlərin tarif maaşı 550-700 manat arasındadır"
Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, vəzifə və tarif maaşlarının üzərinə çox da fokuslanmaq lazım deyil. Şöbə müdiri bildirib ki, bu gün Azərbaycan reallığında həkimlərin tarif maaşı 550-700 manat arasındadır: “Kifayət qədər tanınmış həkimlər yaxşı maaş alırlar və bu, tarif maaşına əlavələrdir”. Adil Vəliyev qeyd edib ki, tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 il ərzində sertifikasiya imtahanından azad olunmasını digər tibb işçilərinə münasibətdə differensasiya hesab etmək olmaz: “Həm baza ali, həm də rezidentura dövründə tibb işçisi, ixtisası üzrə müxtəlif imtahanlar verir, o cümlədən təcrübə keçir. Bu müddət ərzində onun həm klinik təfəkkürü, həm peşə bacarıqları təkmilləşir. Həmin şəxsləri dərhal sertifikasiya imtahanına cəlb etmək, sertifikasiyanın əsas məqsədi ilə ziddiyyət təşkil edə bilər. Sertifikasiyanın əsas məqsədi tibb işçilərinin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə onların davamlı peşəkar inkişaflının qiymətləndirilməsidir. Sözügedən şəxslər davamlı peşəkar inkişaf tədbirlərində iştirak edərək kreditlər toplaya biləcəklər. 6 aylıq müddətə gəlincə, bu müddət sertifikasiya imtahanında təkrar iştirak etmək üçün maksimum müddətdir. Əslində, həmin müddət ərzində tam əməkhaqqı əvəzinə orta əməkhaqqı alan işçi daha tez öz üzərində işləyib, imtahan verməkdə maraqlı olacaq. Həmçinin tibb işçisinin imtahandan 1-ci dəfədən keçə bilməməsi yalnız onun biliyi ilə deyil, müxtəlif səbəblərlə, məsələn, sağlamlıq vəziyyətində ciddi pozuntunun yaranması, ailə üzvünün itkisi və s. bağlı ola bilər. Məhz həmin müddət imkan verir ki, tibb işçisi yenidən hazırlaşaraq imtahanda iştirak etsin".
"Sertifikasiya imtahanı heç bir diplomdan üstün olmamalıdır"
Eyni zamanda, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AR Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə də tərəflərə sertifikasiyadan keçməyən işçilərin altı ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunanadək tarif maaşlarını saxlamaq barədə tədbirlərin görülməsi tapşırılsa da, təəssüflə qeyd edilməlidir ki, bəzi tibb müəssisləri Sazişin tələbini icra etməyərək, tibb işçilərinin tarif maaşlarını ödəməməklə onların sosial durumuna və haqlı narazılığının yaranmasına şərait yaradıblar. Çünki sertifikasiya imtahanından keçməyən işçinin təkrar imtahandan keçənə qədər 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılması tibb işçilərinin sosial rifahının təmin edilməsinə hesablanıb. “Sertifikasiya imtahanı heç bir diplomdan üstün olmamalıdır” fikri ilə razıyıq. Çünki layihənin fəlsəfəsi də heç bir vəchlə bu fikri inkar etmir. Sertifikasiyanın əsas məqsədi tibb işçilərinin peşə bilik və bacarıqlarının qorunub saxlanılması və təkmilləşdirilməsi məqsədilə onların davamlı peşəkar inkişafının qiymətləndirilməsinə xidmət edir. Tibb elmi və texnologiyanın müasir yüksək templi inkişafını nəzərə alaraq, tibb işçilərinin bilik və bacarıqlarının daim inkişaf etdirilməsi və qiymətləndirilməsi olduqca vacib şərtdir”. A.Vəliyev qeyd edib ki, əslində, bu layihədə təsbit olunacaq preventiv normalar elə səsləndirilən problemi önləmək məqsədi daşıyır: “Tibb işçilərinin peşə bilik və bacarıqları da müasir tibb elminin tələblərinə uyğun olmalıdır ki, əhaliyə keyfiyyətli tibbi xidmətlər göstərilsin”.